ABA-ya üzv bankların nümayəndə heyətinin Polşaya işgüzar səfəri başa çatıb
Polşa səfəri

Polşa banklarının problemli kreditlərlə iş üzrə təcrübəsinin öyrənilməsi məqsədilə Azərbaycan Banklar Assosiasiyasına (ABA) dəstəyi və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin (ABFTC) təşkilatçılığı ilə ABA-ya üzv bankların problemli kreditlər üzrə müvafiq sahəyə məsul rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin Polşa Respublikasının Varşava şəhərinə işgüzar səfəri həyata keçirilib.
14–15 oktyabr 2026-cı il tarixlərini əhatə edən səfər çərçivəsində Polşa Banklar Assosiasiyasının inzibati binasında və Polşanın Kredit Məlumatları Bürosunda görüşlər keçirilib.
Səfərin ilk günü Polşa Banklar Assosiasiyasının nümayəndələri tərəfindən Polşanın bank sistemi, Assosiasiyanın fəaliyyəti və əsas fəaliyyət istiqamətləri barədə təqdimatlar edilib. Görüşlər zamanı problemli kreditlərin idarə olunmasının hüquqi və təşkilati aspektləri, bu sahədə məlumat bazası sistemləri, tətbiq olunan müasir yanaşmalar, mövcud vəziyyət və inkişaf meyilləri ətrafında fikir mübadiləsi aparılıb. ABA-ya üzv bankların nümayəndələrini maraqlandıran suallar cavablandırılıb, problemli kreditlərin idarə olunması sahəsində təcrübə və bilik mübadiləsi həyata keçirilib.
Səfərin ikinci günü, 15 oktyabr tarixində, günün ilk yarısında Polşa Banklar Assosiasiyasının inzibati binasında Assosiasiyanın Brüsseldəki Nümayəndəliyinin fəaliyyəti, eləcə də Assosiasiyanın Arbitraj Məhkəməsinin iş prinsipləri və fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Görüş zamanı mübahisələrin həlli mexanizmləri və bu sahədə mövcud təcrübə barədə fikir mübadiləsi həyata keçirilib.
Günün ikinci yarısında isə Polşanın Kredit Məlumatları Bürosunda keçirilən görüşdə Büronun fəaliyyəti, kredit məlumatlarının toplanması və emalı, habelə bu məlumatların kredit risklərinin qiymətləndirilməsində və problemli kreditlərin idarə olunmasında rolu müzakirə edilib.
Səfərin əsas məqsədi Polşa təcrübəsinin öyrənilməsi, problemli kreditlərin idarə olunması sahəsində müasir yanaşmalarla tanışlıq və əldə olunan təcrübənin ABA-ya üzv banklarda tətbiqi imkanlarının qiymətləndirilməsi olub.
Səfər çərçivəsində keçirilən görüşlər bank sektorunda problemli kreditlərin idarə olunması, kredit məlumatları sistemlərinin tətbiqi və mübahisələrin həlli mexanizmləri üzrə beynəlxalq təcrübənin öyrənilməsinə, eləcə də Azərbaycan və Polşa bank sektorlarının nümayəndələri arasında peşəkar əlaqələrin və təcrübə mübadiləsinin inkişafına töhfə verib.
Qeyd edək ki, ABFTC 2000-ci ildə Avropa Birliyinin təşəbbüsü ilə yaradılmış və Azərbaycan Banklar Assosiasiyası-nın törəmə müəssisəsidir. Mərkəz indiyədək 260-dən çox mövzu üzrə 2 600-dən artıq təlim kursu təşkil etmiş və 38 000-dən çox dinləyicinin iştirakını təmin etmişdir.



