İnkassatorların Xüsusi Hazırlığı üzrə Təlim – Praktiki Məşq Proqramı
İnkassatorların Xüsusi Hazırlığı üzrə Təlim – Praktiki Məşq Proqramı

Təlim haqqında
İnkassatorların Xüsusi Hazırlığı üzrə Təlim – Praktiki Məşq Proqramı bankların inkassasiya xidmətində çalışan əməkdaşların peşəkar bilik və bacarıqlarının artırılması, fövqəladə və riskli situasiyalarda düzgün qərarvermə, taktiki hazırlıq, təhlükəsizlik qaydalarına əməl etmə və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə hazırlanmış kompleks təlim proqramıdır. Təlim auditoriya dərsləri ilə yanaşı, xüsusi təlim poliqonunda reallığa yaxın şəraitdə praktiki məşqləri də əhatə edir.
Proqram ümumilikdə 30 saat davam edir və Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzində, həmçinin xüsusi təlim poliqonunda keçirilir. Təlimlər zirehli inkassasiya avtomobilləri, xüsusi avadanlıqlar və silah imitatorlarından istifadə edilməklə təşkil olunur. Məşğələlərə sahə üzrə peşəkar mütəxəssislər cəlb edilir, iştirakçılar isə təlim müddətində çay, qəlyanaltı və naharla təmin olunurlar.
Təlim proqramı beş əsas moduldan ibarətdir.
Birinci modul – Hüquqi hazırlıq çərçivəsində iştirakçılar hüquq-mühafizə orqanları ilə qarşılıqlı fəaliyyət, inkasso əməliyyatlarını tənzimləyən hüquqi sənədlər, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin əsas müddəaları, zəruri müdafiə və son zərurət halları, fiziki gücdən, xüsusi vasitələrdən və silahdan istifadənin hüquqi əsasları, eləcə də bank və kommersiya sirrinin qorunması ilə bağlı məsuliyyət məsələlərini öyrənirlər.
İkinci modul – Taktiki və xüsusi hazırlıq inkassatorların real əməliyyat şəraitində davranış bacarıqlarının inkişafına yönəlib. Modul çərçivəsində stressin idarə olunması, risklərin qiymətləndirilməsi, pul və qiymətli əşyaların daşınması zamanı təhlükəsizlik tədbirləri, silahlı hücum zamanı davranış qaydaları, zirehli avtomobillərə minmə və enmə prosedurları, fövqəladə hallarda komanda fəaliyyətinin təşkili, müxtəlif şəraitlərdə müdafiə taktikaları və cinayətkar hücumlarının qarşısının alınması üzrə praktiki məşqlər keçirilir.
Üçüncü modul – Odlu silah hazırlığı təhlükəsiz silahla işləmə bacarıqlarının formalaşdırılmasını əhatə edir. İştirakçılar tapança və avtomatlarla təhlükəsiz davranış, daraqların doldurulması, silahın hazırlanması və yenidən doldurulması, düzgün nişanalma, atəş açma texnikası, müxtəlif atəş mövqeləri və silahın taktiki istifadəsi üzrə praktiki bilik və bacarıqlar əldə edirlər.
Dördüncü modul – Tibbi hazırlıq zamanı ilkin tibbi yardımın göstərilməsi, kardiopulmoner reanimasiya, süni tənəffüs və qanaxmanın dayandırılması kimi həyati əhəmiyyət daşıyan bacarıqlar öyrədilir. Beşinci modul – Xüsusi fiziki hazırlıq isə ümumi dözümlülüyün, çevikliyin, koordinasiyanın, reaksiya sürətinin, silahsız özünümüdafiə və fiziki əks-hücum bacarıqlarının inkişafına yönəldilmişdir.
Paylaş
Suallarınız var?
Təlim proqramlarımız haqqında ətraflı məlumat almaq üçün bizimlə əlaqə saxlayın.
Bizimlə əlaqə saxlayın