ABFTC tərəfindən “Kredit monitorinqi və portfelin idarə edilməsi” və “MKOB-ların Kreditləşməsi: Hesabat və sənədləşdirmə” mövzularında təlimlər keçirilib

  • Ana səhifə
  • Xəbərlər
  • ABFTC tərəfindən “Kredit monitorinqi və portfelin idarə edilməsi” və “MKOB-ların Kreditləşməsi: Hesabat və sənədləşdirmə” mövzularında təlimlər keçirilib

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən bank sektoru üzrə tələbin təşviqi məqsədilə tədbirlər həyata keçirilir, ABA və onun törəmə müəssisəsi olan ABFTC tərəfindən müvafiq dəstək tədbirləri görülür.

Bu prosesin davamı olaraq, 24-25 oktyabr 2024-cü il tarixlərində  Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) tərəfindən “Kredit monitorinqi və portfelin idarə edilməsi” və “MKOB-ların Kreditləşməsi: Hesabat və sənədləşdirmə” mövzularında təlimlər keçirilmişdir.

İki günlük baş tutan təlim proqramında təlimçilər qismində  “Bank Respublika”ASC-nin İcraçı direktoru Akif Abdullayev, “Bank Respublika”ASC-nin Risklərin idarəedilməsi departamenti-direktor müavini Haşım Əliyev və “Kapital Bank” ASC-nin  Korporativ kreditlərin təhlili şöbəsinin meneceri Nicat Mustafazadə çıxış etmişdirlər. Bu təlimlərdə 37 nəfər iştirak etmişdir.

Xatırladaq ki, bundan əvvəl cari ilin iyul və sentyabr aylarında keçirilmiş “MKOB-ların maliyyələşdirilməsi mövzusuna giriş”, “Anderraytinq prinsipləri”, “MKOB-ların maliyyələşdirilməsində risklərin idarə edilməsi”, “MKOB Kreditləşməsi tənzimləmə çərçivəsi üzrə uyğunluq” mövzularındakı təlimlərdə 63 bank əməkdaşı iştirak etmişdir. Ümumilikdə isə bu tədbirlər çərçivəsində 100 nəfər bank əməkdaşı bu təlimlərdən faydalanmışdır.

Qeyd edək ki, Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-ə yaxın mövzu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.

Əlavə edək ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının Virtual Təhsil Platforması (edu.e-cbar.az) fəaliyyət göstərir. Platformaya iqtisadiyyat, bank-maliyyə sahəsində bilik və bacarıqların əldə edilməsini dəstəkləyən 40-dan çox ödənişsiz kurs yerləşdirilib. Virtual təhsil platfomasının interaktiv multimedia resurslarından istifadə etməklə, istənilən yerdə və istənilən zaman peşəkarlıq səviyyəsini təkmilləşdirmək mümkündür.