Biznes kreditləşməsi və təhlil üzrə Türkiyə təcrübəsi öyrənilmişdir

Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyasının və Türkiye Bankalar Birliyinin dəstəyi ilə 14-15 noyabr 2024-cü il tarixlərində ABA-nın “ABA-ya üzv bankların biznes kreditləşməsi üzrə mütəxəssislərinin, o cümlədən bankların bu istiqamətdəki digər rəhbər şəxslərinin İstanbula səfəri baş tutmuşdur.

13 nəfərlik iştirakçı qrupu ilə təşkil edilmiş 2 günlük səfər çərçivəsində aşağıdakı qurumların bu sahəyə məsul rəhbər şəxsləri və mütəxəssisləri ilə görüşlər təşkil edilmişdir:

  1. Akbank;
  2. Halk Bankası;
  3. Yapı Kredi Bank;
  4. QNB Finans;
  5. Agra Fintech.

Səfər çərçivəsində iştirakçılar Türkiyənin bank sektoru, biznes kreditləşmə ilə bağlı göstəriciləri və sektorun rəqəmsallaşma səviyyəsi, biznes kreditlər və bu istiqamətdə yeni məhsullar, kreditləşmə ilə bağlı qərarların verilməsi üçün analitik dəstək mexanizmləri və praktiki tətbiqi, mərkəzləşdirilmiş və regional anderraytinq sistemi, kreditlərin qiymətləndirilməsi və limitlərin idarə edilməsi meyarları, SME anderraytinq prosesinin təkmilləşdirilməsi, müştərilərin risk təsnifatından asılı olaraq, anderraytinq prosesinin sadələşdirilməsi metodları, biznes kreditlərinin rəsmiləşdirilməsi prosesində rəqəmsallaşma və rəqəmsal qeydiyyat prosesi, biznes kreditləşmə prosesində təhlil yanaşmaları, rəqəmsal həllər, innovativ tendensiyalar, onlayn bankçılıqda biznes kreditləri, anderraytinq və kreditləşmə mexanizmləri, ticarət əməliyyatlarının maliyyələşdirilməsi mexanizmləri (faktorinq, “invoice discounting”, “preshipment finance”), kredit prosesi üçün rəqəmsal sondan sona iş axınının idarə edilməsi aləti (onun sonrakı təhlili üçün “benchmark collection” daxil olmaqla), TTC (time to cash) periodun azalması alətləri, müxtəlif biznes sektorları üzrə kreditləşmə meyarları və s. mövzularda dinləmələr və müzakirələr aparılmış, mütəxəssislərimizi maraqlandıran suallara cavab verilmişdir.

Akbank ilə olan görüş Agra Fintechin ofisində baş tutmuşdur. Görüş zamanı Agra Fintechin rəhbəri Taner Toraman tərəfindən iştirakçılara Türkiyə bank sektorunun cari vəziyyəti və Türkiyə banklarının təcrübəsində müştəri təhlillinə dair vacib məlumatlar çatdırılmışdır.

Qeyd edək ki,  Azərbaycan Bank və Maliyyə  Tədris Mərkəzi (ABFTC) 2000-ci ildə Avropa Birliyi tərəfindən yaradılıb, Azərbaycan Banklar Assosiasiyasının törəmə müəssisəsidir. İndiyə qədər ABFTC tərəfindən 250-a yaxın təlim mövzusu üzrə, 36 mindən çox dinləyiciyə 2500-ə yaxın təlim kursu təşkil edilmişdir.